Arzu Qazıyeva :Ayıbdır Vallah !”Rusiyada Nizamimin, Nəsimimin, Füzulimin, Sabirimin, və başqa mənimkilərimin dili kimi tanıyırlar”?

18oktyabr müstəqillik aktının qəbul olunduğu gündür.

Bu tarixi hadisə 1991-ci ildə baş verib. Lakin bu barədə səs-küylə, ucadan danışmaq o qədər də dəbdə deyil, çünki həmin tarixi akt Ayaz Mütəllibovun prezidentliyi dövründə baş verib. Necə baş verib, nətəhər qəbul olunub, Ayaz Mütəllibovun “haranın adamı” olub-olmaması bir ayrı mövzudur. Və… 20 yanvardan sonra hakimiyyətə kim gəlsəydi belə yenə də arzuolunan, sevimli olmayacaqdı, qanlı yanvar qırğınının üstündən gəlmiş olduğu üçün. Olmasın Ayaz Mütəllibov, olsun Mütəllib Ayazov. Məsələ bunda deyil. Məsələ faktın özündə, onun mahiyyətndədir.

Kifayət qədər önəmli və tarixdə yer tutmalı olan hadisədir. 18 oktyabr sıradan bir gün kimi, səssiz-səmirsiz yox, bayram əhvalı ilə keçiriləsi gün olmalıdır. Necə ki, biz qurtuluş günümüzü, xilas günümüzü, özümüzəgəlmə günümüzü, yenidən doğulma günümüzü qeyd edirik. Niyə? Ona görə ki, Romanovların 200 illik işğal hakimiyyətindən və 70 illik də sovet işğalından, hər iki halda 370 illik Rusiya imperiyasının qılıncından xilas olmaq üçün bütün cəsarətimizi toplayıb nəhayət ki, müstəqillik üçün atdığımız ilk rəsmi addımdır.

Məgər bunu istəmirdik? Bunun üçün vuruşmurduq? Bunun üçün qan tökməmişdik qara yanvarda? Fəqət belə bir tarixi gün ərəfəsində mənzil istismar idarələrinin nümayəndələri vasitəsilə hansısa sosial tədqiqatlar mərkəzi evləri gəzərək sorğu keçirir ki, bilinsin, əhali rus dilinə necə baxır. Maraqlanıram, xanımın dediyindən məlum olur ki, aparatın təhsil nazirliyi ilə keçirdiyi birgə layihədir. Məqsədi soruşuram, sən demə, valideynlər təhsil nazirliyinə müraciət ediblər ki, məktəblərdə rus dilinin tədrisi artırılsın. (?)

Əlbəttə ki, bu izaha güldüm, çünki məntiqə uyğun gəlmirdi, çünki heç bir azərbaycanlını heç bir mövzuda nonsenslə diksindirmək mümkün deyil, o da ola rus dilinin azaldılması. Azərbaycanlıların 90%-i ana dilində – mən dilin incəliklərini hələ demirəm, heç orta səviyyədə düzgün nə yaza bilir, nə də danışa bilir. Amma bunu özlərinə ayıb saymırlar. Bu savadsızlığın təməli məktəblərdə qoyulur, amma təhsil sistemimiz bunu özünə ayıb saymır. İşə qəbul zamanı xarici dil vacib şərt kimi qarşıya qoyulduğu halda ana dilini bilmək vacib şərt kimi qarşıya qoyulmur və buna görə heç kimə ayıb olmur. Ölkədə hara baxırsansa xarici dili görürsən, kimi dindirirsənsə xarici dili eşidirsən, lakin bu heç də demokratiyanın, multikulturallığın nə əlaməti, nə də göstəriciliyi ilə izah olunur. Bu, ana dilinə saymazlığın, ana dilinə hörmətsizliyin göstəricidir. Təəssüf ki, bir cəmiyyətin ana dilinə münasibətsizliyi o cəmiyyət üçün ayıb deyil. “Ayıbdır” sözü leksikonumuzdan çoxdan çıxıb. 27 ildir də ki, müstəqillik tariximizin ən böyük itkisidir. İtirə-itirə gəldiklərimizin məhz bu itkidən başlandığını bir dərk etsəydik!

Xarici dil ölkənin hava limanında bitir. Ona görə yox ki, orada demokratiya, multikulturallıq bitir. Ona görə yox ki, biz daha demokratik, daha multikulturalıq, ona görə ki, bir addım sonra o ölkənin DÖVLƏT dili başlayır. Dövlətin dili başqa rəmzləri kimidir- prezidenti kimidir, himni kimidir, bayrağı kimidir, gerbi kimidir, pulu kimidir, dövlətin və onun xalqının ləyaqətidir, varlığıdır, simasıdır, adıdır, hələ daha da artıqdır. Özünə hörmət qoyan heç bir xalq ana dilinə nəinki sayğısızlıq göstərməz, hətta xarici dildən pis bilməsi və ya məktəbdə pis oxuduğuna görə pis bilməsi onun üçün ayıb olar. Mən hələ onu demirəm ki, xarici dil o ölkədə hansı statusdadır.

Bizə təlqin edirlər ki, rus dilini Puşkinin, Lermontovun, Tolstoyun, Çexovun və başqa ədiblərinin dili kimi tanıyaq. Amma o ədiblər dilə görə, rus dili də onlara görə mənim üçün niyə etalon olmalıdır ki? Məgər mənim dilimi Rusiyada ruslar Nizamimin, Nəsimimin, Füzulimin, Sabirimin və başqa mənimkilərimin dili kimi tanıyırlar? Fransada çoxlu əlcəzairli yaşayır, lakin fransızlar nə qədər əlcəzairli ədib tanıyırlar və onlara görə ərəb dilini bilirlər və ya bilməyə can atırlar? İngiltərədə çoxlu hindli yaşayır, lakin ingilislər üçün hind mütəfəkkirləri hind dilini öyrənmək üçün nə qədər etalon sayılırlar? Lap yaxın qonşularımıza baxaq. Nə gürcülər, nə də ermənilər heç sovet dönəmində belə dillərini rus dilinə kölə etməmişdilər. Bəs bizə nə olub? Biz bu böyük dünyanın nöqtə boyda zərrəsi olduğumuz halda niyə kiçik ölçülərimizə bütün dünyanı sığdırmalıyıq ki?

Əgər bu sadəcə qul, kölə təfəkküründən irəli gəlirsə, onda qul, kölə üçün nə fərqi var ki, onun dilinin ağası hansı dildir və ya dillərdir? Biz eyni uğurla eyni vaxtda fransız, alman dillərini də seçə bilərik, çünki Fransa da, Almaniya da güclü dövlətlərdir, ərəb dilini də həmçinin, çünki ərəb ölkələri varlı ölkələrdir, məsələn, Səudiyyə Ərəbistanı ehtiyacımız vaxtı bizə pul vermişdi. Əgər məsələ böyük qonşuluqdadırsa, onda niyə fars dili olmasın ki? İran da vətəndaşının əksəriyyəti azərbaycan türkü olmasına baxmayaraq fars dilli ölkədir. Qonşumuzdur, o da regionun böyük ölkəsidir, güclüdür.
Mən sovet dönəmində rus dilinin hökmranlığı haqqında danışmaq fikrində deyiləm. Bu haqda çox deyilib. O vaxtı “siyasi-ədəbi dissidentlərimiz” bunu müstəqilsizliyimizlə (azərbaycan dilində belə söz yoxdur) izah edirdilər. İndi ki, bu fağır müstəqilliyimizin 27-ci ilidir. 27 ilsə az vaxt olmasa da təfəkkürdə yenə köhnə hamam, köhnə tasdır.

Cəmiyyətin mənəviyyatından tutmuş ədəbinə, sağlamlığından başlamış psixologiyasına qədər N sayda probleminə münasibət bu qədər canfəşanlıqla sorğu-suallanmır, amma Rusiyaya yarınmaqdan ötrü rus dili üçün əldən-ayaqdan gedilir, az qalır referenduma qaldırılsın. Müstəqilik deyibən realda da müstəqil olmağa çalışaq!

Ayıbdır vallah!

Yorum bırakın

Henüz yorum yapılmamış.

Comments RSS TrackBack Identifier URI

Yorum bırakın

  • ZAMAN VƏ TEMPRATUR

    Find more about Weather in Düsseldorf, DL
    Click for weather forecast

    EURO SPORT LIVE "CANLI"

    AZAD AZƏRBAYCAN TV

    Ş KANAL ! ŞƏKİ TV !

    ATV TR CANLI .

    GÜN AZ TV

    KURTLAR VADISI PUSU BÖLÜMLER

    CANLI YAYIM

    UKRAINA KANAL 24

    DÜNYA EKRANI TV-LER

    AZƏRBAYCAN İDMAN TB VƏ DÜNYA TV EKRANLARI

    TRT_5_Anadolu